Zəfər Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli “Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında” sərəncamına əsasən yaradılmışdır. Muzeyin təntənəli açılışı Şanlı Qələbənin 5-ci ildönümü münasibətilə 8 noyabr 2025-ci il tarixində keçirilmişdir.
Zəfər Muzeyinin ekspozisiyası beynəlxalq muzeyçilik təcrübəsi, müasir ekspozisiya konsepsiyaları və innovativ texnologiyalar əsasında hazırlanmışdır. Muzeydə təqdim olunan hər bir zal ziyarətçilərə Azərbaycanın yaxın tarixini ardıcıl şəkildə öyrənmək, 44 günlük Vətən müharibəsinin gedişini, qəhrəmanlıq salnaməsini və dövlət suverenliyinin tam bərpasına aparan yolu yaxından izləmək imkanı yaradır. İnteraktiv ekranlar, süni intellekt texnologiyaları, holoqrafik təqdimatlar, multimedia materialları, maketlər və xüsusi hazırlanmış instalyasiyalar tarixi hadisələri daha canlı və təsirli formada təqdim edir.
Muzeyin girişində tarixi Qələbənin rəmzi olan "Dəmir yumruq" instalyasiyası ziyarətçiləri qarşılayır. Muzeyi əhatə edən xatirə divarında Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adları həkk olunub. Divar boyunca axan su şəhidlərimizin ölməzliyini və onların xalqımızın yaddaşında əbədi yaşayacağını simvolizə edir.
Muzeyin ekspozisiyası ümumilikdə 8 tematik zaldan ibarətdir və hər bir zal müəyyən bir tarixi mərhələni əhatə edir.
Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi
Birinci zal Qarabağın və Şərqi Zəngəzurun zəngin tarixi, mədəni irsi və təbii gözəlliklərinə həsr olunub. Burada interaktiv kitablar və rəqəmsal təqdimatlar vasitəsilə bölgənin dövlətçilik tarixi, memarlıq abidələri, musiqisi, ədəbiyyatı, xalq sənəti və Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında məlumat əldə etmək mümkündür.
Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış
Bu zal Ermənistan–Azərbaycan münaqişəsinin yaranma səbəblərini, işğal dövrünü və onun Azərbaycan xalqına vurduğu ağır zərərləri əks etdirir. Burada qaçqın və məcburi köçkünlərin taleyi, dağıdılmış şəhər və kəndlər, məhv edilmiş tarixi-mədəni abidələr, eləcə də münaqişənin xronologiyası interaktiv materiallar vasitəsilə təqdim olunur. Viran qalmış ev instalyasiyası və onun içindən boylanan ağac həyatın yenidən dirçəlişini simvolizə edir.
44 günlük Vətən müharibəsi. "Dəmir yumruq" əməliyyatı
Üçüncü zal 2020-ci ilin Vətən müharibəsinə həsr olunub. Burada LED ekranlar, süni intellektlə hazırlanmış videolar, holoqrafik təqdimatlar və interaktiv xəritələr vasitəsilə döyüş əməliyyatları, hərbi strategiya və Azərbaycan Ordusunun qazandığı uğurlar nümayiş etdirilir. Zalda Silahlı Qüvvələrin qoşun növlərinin bayraqları, xüsusi təyinatlı hərbçilərin maketləri, həmçinin Vətən müharibəsi ilə bağlı mühüm dövlət sənədləri də sərgilənir.
Şanlı Zəfər. Şuşanın azad olunması
Bu zal Azərbaycanın hərb tarixinin ən mühüm əməliyyatlarından biri olan Şuşanın azad edilməsinə həsr edilib. Şuşa şəhərinin maketi, interaktiv monitorlar və vizual təqdimatlar vasitəsilə döyüşün gedişi, xüsusi təyinatlıların göstərdiyi misilsiz qəhrəmanlıq və şəhərin strateji əhəmiyyəti ziyarətçilərə çatdırılır.
Qəhrəmanlar yolu
Bu bölmə Vətən müharibəsində iştirak etmiş Azərbaycan əsgər və zabitlərinin igidliyini əks etdirir. Burada qəhrəmanlara təqdim olunmuş orden və medalların nümunələri, onların şücaətini əks etdirən materiallar nümayiş olunur. Dəhliz formasında qurulmuş ekspozisiya ziyarətçilərə qəhrəmanlarımızın keçdiyi şərəfli yolu simvolik şəkildə hiss etdirir.
Qarabağ Azərbaycandır!
Altıncı zal tarixi Qələbənin xalqımıza bəxş etdiyi sevinc və qürur hissini əks etdirir. Zalın mərkəzində Qarabağın rəmzinə çevrilmiş Xarıbülbül çiçəyinin Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Böyük ekranlarda Zəfər Günü münasibətilə yaşanan duyğusal anlar, xalqın birlik və sevincini əks etdirən görüntülər nümayiş etdirilir.
Dövlət suverenliyinin bərpası. 20.09.2023
Bu zal Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasına həsr olunub. Xəritə instalyasiyaları və multimedia təqdimatları vasitəsilə ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması və bunun Azərbaycan tarixində yaratdığı yeni mərhələ nümayiş etdirilir.
Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş
Sonuncu zal azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini əks etdirir. Burada müasir infrastruktur layihələri, ekoturizm, mədəniyyət və təhsil obyektləri və interaktiv maketlər təqdim olunur. Qəhrəman şəhidlərimizin övladlarının səsləndirdiyi gələcəyə dair mesajlar isə ziyarətçilərdə xüsusi emosional təəssürat yaradır.
Ekspozisiyanın sonunda yerləşən "Danışan fotolar" bölməsi Zəfərin ən yaddaqalan anlarını canlandırır və qonaqlara xatirə kitabında öz təəssüratlarını bölüşmək imkanı yaradır.
Muzeydə həmçinin Auditorium zalı, kitabxana və kafe fəaliyyət göstərir.